среда, 30 мая 2012 г.

Rəşadın ölümü

Bu gün doğum günümdü.
Uşaqlıqdan bəri elə bir doğum günüm olmayıb ki, normal sevinclə qeyd edim. Əksəriyyətində sevdiklərim - babam, çox yaxın qohumlarım, atamın xidmət etdiyi hərbi hissələrdə xidmətdə olan əsgərlər (dəfələrlə) dünyasını dəyişib, bir dəfə üstümə çaydan dağılıb başdan aşağı yanmışam. Yəni elə bir doğum günüm olmayıb ki, ağlamayım. Bu dəfə də mübarizə yoldaşım. Nə bilimee Rəşadın vəfatı bu sektorda ən çox mənə pis təsir elədi.  Eyni məktəbi oxumuşuq, eyni məhlədə - üzbəüz binalarda yaşamışıq və eyni siyasi partiyada eyni məqsədlərçün fəaliyyət göstərmişik.
Həmişə danışardıq. Deyingən biri deyildi, amma insanların aksiyalara, mitinqlərə niyə səhlənkar yanaşması barədə danışıb hey əsəbləşərdi. Deyirdi ki, xəstəyəm deyə aksiyalara çıxa bilmirəm, sora vəziyyətim dəyişir, məni kimsə aparmalı olur. Belə aksiyalarda bizi internetdən izləməli olurdu. Belə olanda da çox əsəbiləşirdi. Bu yaxınlarda Nihad Hüseynov mitinqə çağırış vərəqəsi payladığına görə həbs olunanda az qalırdı dəli olsun.
Danışıqlarımız "siz"lə davam edirdi, amma çox səmimi idik. Öləcəyini bilirdi və deyirdi: "Ölüb getmk bir şey deyil, bu canımla bir şey edə bilməməyimə yanıram. Bu ölkəni dəyişə bilməsəm necə ölə bilərəm? Bizdən sonrakı nəsil də bizi qınasın ki, "niyə rejimi dəyişə bilmədiniz?"?"

Adam humanist biri idi. AXCP Gənclər Komitəsində məsələ qaldırmışdı ki "Qanvermə aksiyası" keçirək. Etdi və uğurlu alındı. Özü kimi tallesemiyalı xəstələrə qan toplanmasına nail oldu. Bu yaxınlarda Azad Gənclik Təşkilatı ilə uşaq evinə yetim uşaqlara baş çəkməyə getmişdi. Foto reportyor olmaq istəyirdi. Bakı Jurnalistika Məktəbinə müraciət etmək üçün link göndərmişdim. Həvəsli idi, amma kurslar yay fəslində olacaqdı deyə sağlamlığına görə gedə bilməyəcəyini dedi. İsti havada yolda halı pisləşə, huşunu itirə bilərdi.
Bəzən mübarizə aparan insanlar deyirlər ki, bir-iki nəfər qurban getsə bəlkə hərəkətlənmə olar, insanlar bezib ayağa qalxar, bu rejimi devirər. Elmar Hüseynovun, Rafiq Tağının qətli yetərincə səbəb verirdi ki insanlar qalxsın. Amma təkcə onların ölümümü? Məgər Rəşadın ölümü bu rejimin ucbatından deyil? Deyim bilin! Rəşad tallesemiya xəstələrinə yetərincə yardım edilmədiyini deyirdi. Bu sahə ölkənin "birinci xanım"ının  əlində olduğunu amma xəstələrə vaxtı-vaxtında qan və lazım olan dərmanlar verilmədiyini deyirdi. Onun ölümünü eşidən kimi facebook hesabına baxdım, xətdə kimsə vardı. Yazdım, xalasının nəvəsi imiş onun profilindən girən. Bu kiçik qız uşağı mənə bilirsiniz nə dedi? Dedi ki, "Rəşad dayı sudurğa keçirmişdi, həkimə apardılar. Həkimlər yoxlamayıblar, bir neçə gün imiş ki qara ciyəri "otkaz" edib"
Rəşad bu hakimiyyətin qurbanı olan sonuncu insan deyil. Siyahı hərgün daha qabarıq şəkildə yenilənir.
bu qədər...