пятница, 16 декабря 2011 г.

El atası - [VİDEO]

Eşitdim ki, Bakı Slavyan Universitetində Heydər Əliyevin "il" mərasimi keçirilərkən zalda rahat durmayıb güldüklərinə görə bir tələbə universitetdən qovulub, 4-ü şiddətli töhmət alıb (qovulan tələbə çoxsaylı qınaqlardan sonra "əhv" olunaraq univesitetə geri qaytarılıb). Bu məsələ orta məktəbdə oxuduğum vaxtlarda eyni adlı tədbirdəki ibnəliyimi yadıma saldı.
Hələ bir ay əvvəldən direktorun tərbiyəvi işlər üzrə müavini sinifinmizə gələrək məndən tədbirdə mahnı oxumağımı xahiş etdi (manıs olduğumu hamı bilirdi). Tədbirin nə olduğunu soruşmadan razılaşdım. Musiqi müəlliməsi mənə Heydər Əliyevin "il" mərasimində "El atası" mahnısını oxuyacağımı deyəndə razılaşmanı poza bilmədim. Heç vaxt eşitmədiyim mahnının sözlərini əzbərlətdilər, musiqisini züm-zümə etdirdilər və mən artıq mahnını tam öyrənmişdim.
Tədbir vaxtı yetişdi, ağlaşma quruldu, direktor, rayon təhsil şöbəsinin nümayəndələri üz-gözünü cırmaqlamağa başladı. Şeir deyərək ağlayan kim, mahnı oxuyarkən ulu öndərə olan ehtiramdan hıçqıran kim, ağu deyib məclisi ələ alan kim... Növbə gəldi mənim nömrəmə çatdı.

 Məktəbdə hamı məni komik (şit) biri kimi tanıyırdı. Bircə hərəkətimə bənd idilər ki, 10 dəqiqə durmadan ürəkdən gülsünlər. Səhnəyə çıxdım, birinci dəfə deyildi. Hamı maraqla şedevr ifa gözləyirdi və piano mahnıya girdi. Zaldakıların diqqəti məndədi. Mən zildən oxumalı idim, amma bilərəkdən bəmdən və xaric oxumağa başladım. Arada səsimi kobudlaşdırıb, incələşdirirdim. Elə birinci bənddə bütün zalda hırıltı başladı. Arxa sıralarda oturan dostlar əllərini havaya qaldırıb baş barmağı ilə "like" işarəsi verdilər. Şeirin (mahnının) ikinci bəndinə keçməli idim, hamı özümü yığışdıracağımı gözləyirdi.Bu hərəkətlərimi yenidən daha gülməli şəkildə (əl-qol hərəkətləri ilə) təkrarlayanda direktorun özünü də (qatı yapçı) gülmək tutdu və zaldakılar açıq şəkildə qəh çəkib gülürdülər. Nömrəni tamamlayıb zala baş əyib səhnədən çıxdım. Sevincli idim. Direktor müavini deyinirdi, bu mənim vecimə deyildi, mən missiyamı başa vurmuşdum.
Hə, bu tədbirdən sonra nə mənə, nə direktor müavininə, nə musiqi müəlliminə nə də zalda "like" edib möhkəm gülən dostlara töhmət gəlmədi. "Slavyanda" oxuyan tələbələri gənclərin gözünü qorxutmaq, "ulu öndərə" sitayiş etməyənlərin heç yanda yeri olmadığını göstərmək üçün cəzalandırıblar. Həmin dostlara sonsuz rəğbətim var. Özlərini görsəydim təşəkkür edərdim.

"El atası" mənim həqiqətən xoşuma gələn mahnıdı. Bu yaxınlarda kefimiz kök olan vaxt Manısla ifa etdik. Məncə babat alınıb. Qeyd edim ki, nə Manıs əməlli-başlı gitara çalmağı bacarır, nə də mən saz çalmağı.

 
Telefonla çəkildiyindən görüntü keyfiyyətsizdir.