понедельник, 26 сентября 2011 г.

Şəhid dəfnində olman "Lazım"


Ordudan hər həftə bir neçə ölüm xəbəri gəlir. Hərbi qulluqçular gah düşmən gülləsinə tuş gəlir, gah hərbi hissədə üzləşdiyi problemlərdən çıxış yolu tapa bilməyib intihar edir, gah da başqa cinayət tərkibli məsələlərin nəticəsində dünyasını dəyişir.
Bəziləriniz deyəcəksiniz ki, hərbçilərin düşmənlə atışmada həlak olması başadüşüləndir. Amma valideyinlərin boğazlarından kəsib boya başa çatdırdığı göz bəbəyi övladlarını vətən qulluğuna göndərib, orda kiminsə səhlənkarlığı ucbatından dünyasını dəyişməsi və cənazənin artıq tullantı kimi evinin qapısına atılması o qədər adi məsələ deyil ki, başadüşülən olsun. İllərdir Atəşkəs ssenarisi ilə müharibə şəraitində yaşamağımıza səbəb olanlar, hər bir əsgərin həyatına görə cavabdehlik daşımalıdır. 
Bəs görəsən olubmu ki, İlham Əliyev bir dəfə də olsun Səfər Əbiyevə bu məsələlərlə bağlı əmrlər, göstərişlər versin? televiziyada iqtisadi inkişafdan, uğurlu daxili və xarici siyasətdən danışmaq yerinə erməni ordusuna "lazım"dan sərt mesajlar versin? və ya Səfər Əbiyev sərt mesaj bir yana bir çıxış edib ordudakı problemlərin həll olunacağından yalandan da olsa bir-iki kəlmə mızıldansın? ya da ikisindən biri şəhid olmuş əsgərin dəfn mərasimində iştirak etsin?
Orduda əsgərlərin intihar etməsi, biri-birini güllələməsi, qışda şaxtadan, yayda günvurmadan həlak olması və daha pisi zabitlərin əsgəri döyərək öldürməsi hallarına da rast gəlmişik. Aydındı ki, bu hadisələrdən dövlət başçısının da xəbəri var. Yuxarıdakı sualları artıqlaması ilə bura yazmağa ehtiyac varmı?
P.S. Biz düşmən ölkəsinin büdcəsi qədər büdcəyə malik olan, səhlənkarlığınız ucbatından aya 10 hərbçi itirən ordu istəmirik.



четверг, 22 сентября 2011 г.

Kimdir məhbus?


Bu gün Bakı İstintaq Təcridxanasında Elnur Məcidli ilə görüşdüm. Valideynləri ilə birlikdə idim, amma onlardan əvvəl Elnurla mən danışdım. Görünür o da komitə yoldaşlarından biri ilə görüşməyi çoxdan arzulayırmış. Əvvəl bir az kef-əhval soruşub şəxsi vəziyyətdən danışdıq. Sonra siyasi məsələləri müzakirə etdik.
Elnurla 30-40 dəqiqəlik söhbətimdə mənə hiss etdirmədi ki, biz təcridxananın görüş zalında, şüşə arxasında, telefonla danışırıq. Mən Elnura ürək-dirək verməyə getmişdim. O isə mənim özümdən asılı olmayaraq verdiyim "necə olacaq görəsən?" sualımı, "bəy, heç narahat olma, hər şey qaydasına düşəcək" deyə cavablandırdı. Həbsxanada keçirdiyi 5 ay onu azacıq da olsa sarsıtmayıb.
Məndən xahiş etdi ki, mübarizə aparan bütün insanlara və gənclərə onun adından bu sözləri deyim: “Siyasi durğunluqdan sonraki ilk aksiyalarımız uğurlu alındı. Hakimiyyətin kimlərisə həbs etməsi qaçılmaz idi. Biz bu yolda nəinki həbs olunmağı, hətta hər şeyi itirə biləcəyimizi belə gözə alıb meydana çıxmışıq. Onun üçün mən özümü rahat hiss edirəm. Bilirəm ki, dostlarımız bizim üçün əllərindən gələni əsirgəmir. Ancaq mübarizə bir neçə siyasi məhbus üçün aparılmır, xalq üçün aparılır. Xalqı zülmdən qurtarmaq üçün apardığımız mübarizədən dala qalmayaq!