воскресенье, 11 марта 2012 г.

"Bomba yol"


Türkiyə səfirliyi, Bakı Dövlət Sirki,Təzə Bazar... Avtobus sürünə-sürünə üzü aşağı irəliləyir. Aha, sürət birdən-birə artır, tıxacdan əsər-əlamət qalmır. Ön sırada oturan qız rəfiqəsinə "Burdan nə bomba yol çəkdilər eee" pıçıldayır. Gözümü bir anlıq "Azadlıq" qəzetindən ayırıb, söhbətin hansı yoldan getdiyini pəncərədən "soruşuram"... Kaş ki, heç "soruşmasaydım"... Bura yol deyil, bura bizim (həm də mənim) üzqaramızdır. Daha 3 ay əvvələ qədər bura vicdan məhbusu Tural Abbaslının qalası idi, həm də 145 yaşlı tarixi qalası. Tural, bağışla bizi... O qalanı bizlərə əmanət etdin, amma... amma qoruya bilmədik əmanəti. O əmanətin yərində isə indi halallığı alınmayan "bomba" yol çəkilmişdir.
İnsanlar bu yollarda avtoşluq edəcək,"Qış bulvarı"nda buz üstə sürüşüb, əylənəcəklər. Onlar aldıqları həzzin minlərlə insanın acısı hesabına başa gəldiyini düşünəcəklərmi? Onlar tarixi, insani dəyərlərin məhv olması qarşılığında əyləndiklərinə utanacaqlarmı? Hakimiyyət mənsublarının hər addımbaşı gözümüzə soxmağa çalışdıqları parklar, yollar neçə-neçə tarixi binaların, insan talelərinin yıxılması ilə inşa olunmuşdur.
İndi seçim zamanıdır: ya manqurtlaşıb, biz de bu "inkişafı" tərifləməli,ya da mənəvi dəyərləri üstün tutub, dağıdıcı rejimi tarixin arxivinə göndərməliyik.


Müəllif Hikmət Əliyevdir.