четверг, 9 февраля 2012 г.

O şey ki, düşmür ələ, Hövsan kəndindədü! Hövsanda etiraz aksiyası (VİDEO)

Hövsan sakinləri böyük etiraz aksiyası keçirdi. Əvvəl 300 nəfərdən çox sakin “Şüşəli bazar”ın yanında yığışaraq günlərdir kəsilmiş elektrik enerjisinin bərpa olunmasını tələb edirdi. Çox keçmədi ki, polis özünü yetirdi. Bir nəfəri döyərək polis maşınına oturdub, ərazidən uzaqlaşdı. Etirazçılar bir qədər də qəzəblənib yolu kəsdilər. Artıq qəsəbənin hər tərəfindən – hətta Hövsan kəndindən belə insanlar aksiya keçirilən əraziyə tərəf tələsirdi. Onlar böyük həvəslə ANS-in qaynar xətti ilə əlaqə saxladılar amma onlara heç gözləmədikləri şəkildə rədd cavabı gəldi. Onları media ilə əlaqələndirəcəyimi dedim və bir neçə vətəndaşdan müsahibə aldım (materiallar azadliq.info-da). Aksiya olan əraziyə gələn Hövsan kənd icra nümayəndəsi Ağasəlim (soyadını öyrənə bilmədim) müəllimi polis vətəndaşların əlindən güclə aldı.
Şikayətçilər  “Şüşəli bazar”ın yanında təxminən 1 saat aksiya keçirdikdən sonra “Pekarni”yə tərəf (qəsəbədə tanınmış avtobus dayanacağı) yürüş etdilər. Onların sayı hər dəqiqə artmaqda idi. “Pekarni”yə çatanda onlar min nəfərlə davam edirdilər. “Qaz”, “işıq”, “su” kimi qısa şüarlarla etirazlarını bildirən camaata polis kobud müdaxilə etsə də onları dağıtmağa müvəffəq ola bilmədi. Gənclərdən bir neçə nəfəri saxlamaq istəyən polis dogər insanların saxlanılanlara köməyi və "qartopu atəşi"nin nəticəsində onları buraxmalı oldu. Aksiyaya avtobus və “kamaz” sürücüləri də qoşularaq idarə etdikləri iri maşınları ilə yolu bağladılar. Gənclər əllərində şamlar yandıraraq “bizə işıq verin!” mesajını verdilər.
Aksiya zamanı polis nəfərlərindən biri gənclərə yaxınlaşaraq dedi: “Mənim də evimdə işıq yanmır. Amma sakit durmaq lazımdır. Vallah, sizin yandırdığınız şamlara heyfim gəlir. İstəyirəm götürüb evimə aparım, balalarım işıq üzü görsün. İndi mən neyləyim? Gərək sizin kimi qışqırım?”
Hövsan kənd sakinlərindən biri cavab verdi: “Neyniyceysən ee? Sən də “paddeşka” ol bizə. Əvvəl axır keçmiyceysən bu tərəfə? İndi gəl keç dəə”
3 saat davam edən aksiyadan sonra qəsəbədə və Hövsan kəndin bir çox yerlərində işıqları yandırdılar. Bununla da sakinlər dağılışaraq ərazidən uzaqlaşdılar.
Sonuncu dəfə Hövsanda etiraz aksiya Ramil Səfərovun həbsdən azad olunması üçün keçirilmişdi. Sözün düzü yatsam yuxuma girməzdi ki, yaşadığım qəsəbədə bu cür babat aksiya ola bilər. Doğrusu gözlərim yaşardı.
Bu mənim həyatımda ən maraqlı olaylardan biri kimi yadda qalacaq. Çünki, ilk dəfə idi ki, atamla birlikdə bir etiraz aksiyasında iştirak edirdim. Bunu da heç vaxt yuxumda görməzdim. Yenə gözlərim yaşardı.
İşıq olmadığından normal foto çəkə bilmədik. Amma sağ olsun Manıs (Orxan Rüstəmzadə)! Zəif də olsa video çəkiliş etməyi bacardı.

P.S. Prezident aparatına getmək istəyənlər belə vardı.

Комментариев нет:

Отправить комментарий