понедельник, 6 февраля 2012 г.

Fransa məsələsi...

Söhbətin nədən getdiyini bilirsiniz. Necə deyərlər arifə bir işarə də bəsdi. Amma bu söhbəti başa düşmək üçün xüsusi arif, aqil, kamil və s. olmağa o qədər də ehtiyac yoxdur. Di gəl ki, dünyada mövzunu hərə bir cür qəbul edib, müxtəlif reaksiyalar verir. Ölkədə də həmçinin müxtəlif reaksiyalar və onlara müxtəlif münasibətlər oldu. Eyni ərəfədə Fransanın ölkəmizdəki səfirliyinin binası qarşısında ayrı-ayrı təşkilatlar aksiyalar keçirdi (cəhd göstərdi). Ədalətsiz qərara etiraz edən İctimai Palatanın Gənclər Komitəsinin aksiyasında mən də vardım. Digərlərinə olan münasibətdən fərqli olaraq polis hakimiyyətin timsalında kobudluq göstərərək bizdən aksiyanı dayandırmağı istədi. Hətta bir neçə hallarda mən və digər etirazçıları ətrafdakı dükanların şüşələrinə sıxışdıraraq (məqsəd şüşə qırılsın, etirazçılar həbs olunsun) həmişəki çirkin niyyətlərini təkrarlamağa çalışırdı. Aksiyalar baş tutdu, amma senatın qərarı dəyişməz qaldı. Əlbəttə ki, bizim etirazımız o qərarı dəyişməyəcəkdi. 
Aha, deyəsən bu söhbətə son qoymağa nail olacağıq axı. “Ziyalılar forumu” 30-40 minlik mitinq keçirmək niyyətindədir. Əla! Ziyalıların bunca azadlıqların (söz, mətbuat, toplaşma və s.), insan haqqlarının tapdalanmasını; korrupsiyanın, saxtalaşdırılmış seçkilərin, ədalətsiz məhkəmə sisteminin inkişaf etdirilməsini bir kənara qoyub bu qərara etiraz üçün on minləri meydana səsləməsi gülüncdür. Xatırlayaq: müxalifət illərdir həsrət qaldığı meydana çıxmaq üçün birdən qərar verəndə (2 aprel 2011) forumun xəyal etdiyi rəqəmdən çox az insan meydana çıxmışdı. Ziyalılarımızın fikrincə sosial problemlərdən cana yığılmış insanlar (xalqın böyük əksəriyyəti. məncə) öz haqqlarını tələb etmək üçün ayağa qalxmadığı halda, həmin mitinqə canla-başla və hətta qohum-əqrəbaları, dost-tanışları ilə birlikdə çıxacaq. Bayaq dediyim “gülünc” sözü bir az zəif çıxdı, lap qəşş çəkib gülmək olar.


Rüstəm İbrahimbəyovun “Fransanın” nəzir kimi payladığı ordendən imtina etməsi hisslərini ifadə etməyə bəs idi. Yoxsa, olmayacaq duaya amin demək olmaz.

Комментариев нет:

Отправить комментарий