вторник, 14 февраля 2012 г.

Qarda ictimai nəqliyyat (SORĞU)


Ölkəyə qar yağmağa başlayan kimi yaranacaq problemlər barədə özümüzdə əvvəlcədən təsəvvürlər yaradırıq. Ən çox təsəvvür yaratdığımız problemlər, elə ən çox rastlaşdığımız problemlərdən - bəzən də bir az çox - ibarət olur. Qar yağır və yaranan təsəvvürlər az çox özünü doğruldur. Şəhər, kənd və qəsəbələrdə yollar qarla örtüləndə insanların gediş-gəliş sorunu meydana çıxır. Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara şəxsi avtomobillərlə yola çıxmamağı məsləhət görür, çıxdığı təqdirdə şinlərə zəncir taxılmasının zəruriliyindən və taxılmadığı halda qeydə alınacaq cərimədən danışır. Belə olan halda vətəndaşlar ictimai nəqliyyatdan daha sıx istifadə edir. Təbiidir ki, pis hava şəraiti, yolların qarla örtülməsi və bunun nəticəsində yaranan digər problemlərdən dolayı ictimai nəqliyyatda da xeyli problemlər yaranır. Qarın yağmayan vaxtında onu həsrətlə gözləyən insanlar artıq problemlərdən bezərək dilə gəlməyə başlayırlar. Sərnişinlərin ictimai nəqliyyatda daha çox nədən şikayətlənməsini öyrənmək məqsədilə elə onlarla sorğu keçirmək qərarına gəldim. Ətrafdakı insanlardan, facebook və twitter sosial şəbəkəsindəki dostlarımdan və telefonun yaddaş kitabçasındakı tanışlardan götürdüyüm sorğunun əsas nəticələri bunlardan ibarətdir:


Qarlı havada ictimai nəqliyyatda ən çox hansı problemlərlə üzləşmisiniz?

Xədicə Məmmədli: Bakı Jurnalistika Məktəbinə gələrkən xeyli gecikdim. "8 km" bazarının arxasından hərəkət edən 30, 32, 178 nömrəli marşrut avtobusları demək olar ki, heç işləmirdi. Yollar pis vəziyyətdə olduğundan maşınlar hərəkət edə bilmirdi. Bunun günahı sürücülərdə yox Nizami rayonu icra hakimiyyətindədir. Çünki yolların təmizlənməsi ilə bağlı bir neçə dəfə müraciət etmişik, amma maraqlanan olmayıb.

Bəyim Həsənli: Azərbaycanda sürücülər heç vaxt avtobusun dolduğunu qəbul etmirlər. Xüsusən də qar yağan günlərdə.


Ravil Əsədov: Getməli olduğum Bakı – Moskva təyyarəsi 90 dəqiqə gecikdi. Bakıya qayıdanda isə Heydər Əliyev adına Beynəlxalq Aeroportun ərazisi tamamılə qarla örtülmüşdü. Bu cür strateji obyekti təmizləyən yox idi. Mən və digər sərnişinlər təyyarədən düşüb maşına gedənə qədər özümüzə cığır açdıq.

Fərqanə Əliyeva: Nəqliyyatın iş rejiminin qısaldılması və müəyyən qəzaların yaranması çoxlu problemlər yaratdı.

Əbülfəz Qurbanlı: Onsuz da çox soyuq olan havada sürücülər yanacaq çox istifadə olunmasın deyə avtobusdakı qızdırıcıları işə salmırlar. Bu da məni və digər sərnişinləri narahat edir.

Günel Əməlova: İnsanlar qarlı və palçıqlı ayaqlarla nəqliyyat vasitəsindən istifadə edir və yer sürüşgən olur. Avtobusda bir neçə dəfə yıxılmaq üzrə olmuşam, sərnişinlər sıx olduğundan o biri insanlara dəyib yıxılmaqdan canımı qurtarmışam.

Ədalət Vaqifoğlu: Metroda dəhşət basabas vardı. Bir neçə qatarı buraxmalı oldum. Bunun səbəbi çox vaxt avtobuslardan istifadə edən sərnişinlərin qarlı havada metroya dolması idi.

Nəzakət Zeynallı: Pis hava şəraitinə baxmayaraq xidmət göstərən ictimai nəqliyyat sürücülərinə teşekkür edirəm. Tək problem intervalın böyük olmasıdı.

Nəcməddin Talıbzadə: Maştağa qəsəbəsinə ən çox gedən 131 nömrəli avtobus gec-gec işləyirdi. Nardarana gedən avtobusların da çoxu işləmirdi. Nardaran camaatı onsuz da gec işləyən Maştağa avtobusu ilə getməli olurdular. Dəhşətli basabas olurdu, ona görə də camaat rahat gedib gələ bilmirdi.

Fərid Orucov: Avtobusla Zığ qəsəbəsinə gedəndə sürücü maşını yolun yarısında saxlayıb bizi avtobusdan düşdüb geriyə qayıtdı. Səbəb – yollar bağlıdır.

İslam Şıxəli (bunu tanımarsız): Normal vaxtlarda Hövsana adam başına 1 manatdan gedən taksilər qarda qiymətləri 2-3 və hətta ən çox qar yağan günlərdə 4-5 manata aparırdılar. Bu da heç sərf etmədi.

Bu hələ harasıdı? Qar əriyəcək - kürəyin ortasına qədər palçıq olacaqsınız, yolların yeni açılmış çuxurlarından keçməyə çalışacaqsınız, hər tərəf palçıqdı deyə bütün gün ərzində qaşqabaqlı gəzəcəksiniz və ahı-zar edərək twittləyib, statuslar yazacaqsınız. Nə gözəl, boş durmayacaqsınız.

Комментариев нет:

Отправить комментарий